ecofront

ecofront

Share

Biz ətraf mühit, biomüxtəliflik və iqlim böhranına qarşı fəaliyyət göstərən ekoaktivist qrupuq.

Mövcud layihələrimizlə tanış olmaq üçün aşağıdakı linkə daxil olun. https://linktr.ee/ecofront

"Ecofront"a maddi dəstək olmaq üçün detallar:

Card to card
5261 6333 3372 1166
JAVİD GARA
03/26
....................
E manat və MilliÖn
bank xidmətləri > Rabitəbank >
fiziki şəxs > debit kartına mədaxil > 16 rəqəmli kod
5261 6333 3372 1166
....................
Patreon: https://www.patreon.com/ecofront

05/09/2026

Fizuli rayonunda 🐺 canavar balası ilə amansız rəftar edən vətəndaşın görüntüləri yayılıb. Aidiyyəti qurumların məsələni araşdırıb layiqli tədbir gördüyünə ümid edirik...

25/08/2026

Keçən dəfə paylaşanda müdafiəçiləri üstümüzə gəlmişdi. İndi də desinlər görək ovçu Faiq bəy hansı əsasla ölkəmizin qırmızı kitabında olan yırtıcı quşu (ilanyeyən qartal, cəmi 30-40 cüt qiymətləndirilir) saxlayır, bunu öz sosial media hesablarında paylaşır?! Aidiyyəti qurumlar hara baxır?...

12/08/2026

Neftçalada şamları qurudan vağlar və iy problemi

Neftçalada vağ koloniyasının yerləşdiyi şamlıq ərazidə son illər ağacların quruması və kəskin iy hiss olunması sakinlərin diqqətini çəkir. Bir çox insan bunu quşların ağacları məhv etməsi kimi qəbul edir, lakin məsələ daha mürəkkəbdir.

Vağlar ağacla qidalanmır. Problem uzun müddət eyni ağaclarda yuvalama və gecələmə nəticəsində yaranır. Quş nəcisi şam iynələrini zədələyir, torpağın tərkibini dəyişir, yuvaların ağırlığı və budaq qırılması isə ağacları zəiflədir. Güclü iy də əsasən böyük miqdarda toplanan guanodan və onun parçalanmasından yaranır.

İy problemini azaltmaq üçün koloniyanı dağıtmaq əvəzinə daha dayanıqlı tədbirlər görülə bilər: koloniyanın altında toplanmış üzvi qalıqların mütəmadi yığılması, quru dövrlərdə torpağın yüngül nəmləndirilməsi, hava dövranını artırmaq üçün sıx kolluqların idarə olunması və insanların ən çox istifadə etdiyi hissələrdə məsafə saxlanılması iyin hiss olunmasını xeyli azalda bilər. Kimyəvi maddələrlə güclü dezinfeksiya isə torpaq və digər canlılara zərər verə biləcəyindən tövsiyə olunmur.

Bu vəziyyətdə ən düzgün yanaşma koloniyanı dağıtmaq deyil. Yuvalama dövründə quşları narahat etməmək, ərazidə monitorinq aparmaq və koloniya ətrafında yerli enliyarpaqlı ağacların bərpasına şərait yaratmaq daha dayanıqlı həll hesab olunur.

Unutmayaq ki, vağ koloniyaları yalnız problem deyil, həm də mühüm ekoloji göstəricidir. Onlar su-bataqlıq ərazilərindən qida maddələri daşıyır, torpağın məhsuldarlığını artırır və bir çox canlı üçün zəngin yaşayış mühiti yaradır. Təbiətdə əsas məsələ insan rahatlığı ilə biomüxtəlifliyin qorunması arasında balans tapmaqdır.

07/08/2026

Hər gün Xəzər sahilindən vedrə-vedrə balaca xərçəngkimilər ( növləri) akvarium balıqları üçün yem kimi toplanır.

Bəli, bunlar nadir növ deyil. Amma təbiətdə “nadir deyil” demək “sonsuzdur” demək deyil. Ekosistemlərin çoxu məhz belə gözə görünməyən, dəyəri hiss edilməyən canlıların üzərində dayanır. Bu balaca xərçəngkimiləri sahil zonasında üzvi maddələri parçalayır, suyun qida dövranında iştirak edir və minlərlə köçəri quş üçün mühüm qida mənbəyidir. Onların azalması təkcə bir xərçəngkiminin azalması deyil; sahil quşlarının qidasının azalması, qida zəncirinin zəifləməsi və bütöv ekosistemin tarazlığının pozulması deməkdir.

Təəssüf ki, bu toplamanın miqyasına, dayanıqlılığına və təsirinə nəzarət yoxdur. Nə qədər götürülür? Hansı sahələr daha çox istismar olunur? Populyasiyalar özünü bərpa edə bilirmi? Bu sualların cavabını bilmədən davam edən istismar uzunmüddətli risk yaradır.

Təbiətin çöküşü adətən bir anda baş vermir. Əvvəlcə “adi” canlılar azalır, sonra quşlar azalır, sonra sahillər səssizləşir. Və bir gün geriyə baxıb deyirik: “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”

Təbiəti qoruma yalnız ceyran və ya qartal üçün deyil. Bəzən ekosistemin taleyi ovuc içində görünməyən balaca bir xərçəngkiminin taleyindən asılı olur. 🌊🦐🕊️

31/07/2026

Haftonidə Asfalt Raqibin məhv etdiyi Hirkan meşələrinə görə Baş Prokurorluq cinayət işi başladıb. Ümid edirik ədalətli qərar veriləcək və bu cinayətə yol verənlər qanunauyğun cəzasını alacaq. Ədalət gec tez öz yerini tapacaq. Sadəcə zaman və kimin hansı tərəfdə olması önəmlidir.

30/07/2026

Yəqin ki, ETSN və xəbər saytlarının paylaşdığı, Naxçıvanda təbiətə buraxılan Qırmızı Kitaba daxil edilmiş berkut qartalının 🦅 videosunu görmüsünüz. Bəs aidiyyəti qurumlar və jurnalistlər niyə illərdir evində bu nadir növü saxlayan, özünü Azərbaycanın “ən məşhur ovçusu” kimi təqdim edən Faiq Babanlını görmürlər? O, çıxışlarından birində bu quşu bala vaxtı yuvadan götürdüyünü də etiraf etmişdi. Xatırladaq ki, qanunvericiliyə görə Qırmızı Kitaba daxil edilmiş növlərin tutulmasına və ya ovlanmasına yalnız elmi məqsədlərlə və dövlət reyestrinə daxil edilmiş zooloji kolleksiyaların zənginləşdirilməsi üçün icazə verilir ❗(Nazirlər Kabinetinin 176 saylı qərarı)

20/07/2026

İzlənmə xətrinə hər şey etmək olmaz! ‼️

Son dövrlər sosial mediada, xüsusilə TikTok platformasında çox narahatedici bir tendensiya müşahidə olunur. Bəzi istifadəçilər daha çox izlənmə və bəyənmə toplamaq naminə quşların yuvalarına çıxır, vəhşi heyvanları qəsdən narahat edir, hətta zəhərli ilanları tutaraq həm öz həyatlarını, həm də təbiəti təhlükə altına atırlar.

Unutmayaq ki, təbiət müşahidəsinin ən əsas etik qaydası heyvanları narahat etməməkdir. Vəhşi canlıların yuvasına yaxınlaşmaq, balalarını əlinə götürmək və ya onları kameraya görə təşvişə salmaq məsuliyyətsiz davranışdır.

Buna nümunə olaraq, Şamaxıda çəkilmiş videoda bir istifadəçinin Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş qara kərkəsin yuvasına çıxaraq balanı narahat etdiyini görürük. Bu cür hərəkətlər təkcə etik deyil, həm də qorunan növlərin mühafizəsinə ciddi zərbə vurur. ‼️

Təəssüf ki, aidiyyəti qurumlar belə hallara qarşı qabaqlayıcı tədbirlər görmədikcə və qanunvericilik çərçivəsində məsuliyyət tətbiq etmədikcə, bu davranışların artması qaçılmazdır.

Daha narahatedici məqam isə budur ki, bu videoları izləyən uşaqlar və yeniyetmələr bunu adi və ya qəhrəmanlıq kimi qəbul edib eyni hərəkətləri təkrarlaya bilərlər. Digər acınacaqlı məqam isə videonun şərhlərində insanların bir qisminin "balanı tut, alaram" kimi qanunsuz və qeyri-etik çağırışlar etməsidir.

Təbiət kontent yaratmaq üçün dekorasiya deyil. Hər paylaşımın arxasında canlı bir varlığın həyatı dayanır. Bir neçə min baxış naminə vəhşi təbiətə zərər vurmaq heç vaxt qəbul edilə bilməz‼️

15/07/2026

🐻 Şəkidən Avstriyaya: Dunbar ayısının yeni həyatı başlayır 🇦🇿➡️🇦🇹

İllər öncə Şəki şəhərinə enmiş ayını xatırlayırsınız? Dunbar adı verilən bu ayı bir neçə ay öncə saxlanıldığı Altıağac Milli Parkındakı Reabilitasiya Mərkəzindən Avstriyadakı xüsusi parka köçürülüb.

Buna səbəb 20 yaşdan çox yaşı olan ayının səhhətinin heç də yaxşı vəziyyətdə olmaması olub. Dunbarın gözündə katarakt olduğu üçün əməliyyat keçirilib, həmçinin 3 ədəd çürümüş köpək dişi götürülüb. 🦷👁️

Bu barədə məlumatı 2023-cü ildən bəri Altıağacda saxlanılan ayılara tibbi yardım göstərən Four Paws International təşkilatı yayıb.

Təşkilatın açıqlamasına görə, Dunbar Reabilitasiya Mərkəzində mümkün olan ən yaxşı qayğını alsa da, yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq onun həyatının qalan hissəsi üçün daha sakit və xüsusi tibbi imkanlara malik bir mühitə ehtiyacı var idi. Bu səbəbdən Dunbar Avstriyada yerləşən BEAR SANCTUARY Arbesbach sığınacağına yerləşdirilib. 🐾

Dunbarın daha uyğun şəraitə köçürülməsi xəbərinə sevinirik. Bu, həmçinin müxtəlif qurumların və beynəlxalq tərəfdaşların əməkdaşlığının müsbət nümunəsidir. 🌿

Lakin bu hadisə eyni zamanda ölkəmizdə vəhşi heyvanların reabilitasiyası sahəsində hələ də mövcud olan boşluqları bir daha xatırladır. Azərbaycanda beynəlxalq standartlara uyğun, uzunmüddətli fəaliyyət göstərə bilən ixtisaslaşmış reabilitasiya mərkəzlərinin və vəhşi heyvanlar üzrə ixtisaslaşmış baytar həkimlərin olması böyük ehtiyacdır.

📽️:

09/07/2026

Dünən Kənd Təsərrüfatı Nazirliyini mərmər bağacığına qarşı bioloji mübarizə təşəbbüsünə görə təqdir etmişdik. Təəssüf ki, bu gün həmin təəssürat dəyişdi.

Son həftələrdə, xüsusilə Abşeron yarımadasında çəyirtkələrin sayında artım müşahidə olunur. Bununla əlaqədar açıqlanıb ki, 2026-cı ilin may–iyul ayları ərzində respublikanın müxtəlif ərazilərində çəyirtkəkimilərin müşahidə olunduğu 6819 hektar ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Çəyirtkələrin kənd təsərrüfatına vurduğu zərəri heç kim inkar etmir. Lakin genişmiqyaslı kimyəvi mübarizə uzunmüddətli həll yolu deyil.

Pestisidlər yalnız çəyirtkələri deyil, arıları, kəpənəkləri və digər faydalı həşəratları da məhv edir. Nəticədə həşəratlarla qidalanan quşlar, sürünənlər və digər canlılar qida çatışmazlığı ilə üzləşir, ekosistem tarazlığı pozulur. Eyni zamanda pestisid qalıqları torpağa, suya və ərzaq məhsullarına keçərək insan sağlamlığı üçün də risk yarada bilər.

Məhz buna görə dünyanın bir çox ölkəsində prioritet bioloji və inteqrə olunmuş zərərvericilərlə mübarizə üsullarına verilir. Təbii düşmənlərin qorunması, davamlı monitorinq və yalnız zərurət yarandıqda hədəfli kimyəvi müdaxilə həm məhsulu, həm insan sağlamlığını, həm də ekosistemləri qorumağa imkan verir.

Dayanıqlı kənd təsərrüfatı yalnız məhsuldarlığı deyil, insan sağlamlığını və təbiətin tarazlığını da əsas prioritet hesab etməlidir.

07/07/2026

Nəhayət ki, uzun müddətdir tövsiyə etdiyimiz bioloji mübarizə üsullarının tətbiqinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ( ) və FAO-nun əməkdaşlığı çərçivəsində Zaqatala və Balakən rayonlarında invaziv qəhvəyi mərmər bağacığına ( ) qarşı Samuray arıları ( ) təbii mühitə buraxılıb.

Qəhvəyi mərmər bağacığı son illərdə Azərbaycanda ən problemli işğalçı (invaziv) həşəratlardan birinə çevrilib. Meyvə bağları, fındıq plantasiyaları və digər kənd təsərrüfatı bitkilərinə vurduğu iqtisadi zərər hər il artır. Belə hallarda yalnız kimyəvi pestisidlərə arxalanmaq nə ekoloji, nə də uzunmüddətli baxımdan effektiv yanaşmadır.

Samuray arısı isə zərərvericinin yumurtalarını parazitləşdirərək onun populyasiyasını təbii yolla tənzimləyir. Bu üsul dünyanın müxtəlif ölkələrində uğurla tətbiq olunur və pestisidlərdən istifadənin azalmasına, faydalı həşəratların qorunmasına və daha dayanıqlı kənd təsərrüfatının formalaşmasına töhfə verir.

Sevindirici məqamlardan biri də odur ki, Samuray arılarının artıq ölkəmizdə laboratoriya şəraitində yetişdirilməsinə başlanılıb. Bu, gələcəkdə proqramın digər regionlara genişləndirilməsi üçün mühüm addımdır.

Ümid edirəm ki, bu təşəbbüs yalnız qəhvəyi mərmər bağacığı ilə məhdudlaşmayacaq və gələcəkdə Azərbaycanda digər invaziv zərərvericilərə qarşı da elmi əsaslı, ekoloji cəhətdən təhlükəsiz bioloji mübarizə metodlarının tətbiqi genişlənəcək...

Telephone

Address


Baku